» » Kamil Zeynallı Ermənistana verilə bilər? - Vəkildən açıqlama

Kamil Zeynallı Ermənistana verilə bilər? - Vəkildən açıqlama


"Kamil Zeynallının saxlanılması ilə bağlı detalları bilmədiyimiz üçün çox geniş şərh vermək olmur. Ancaq Kamil yaydığı videoda may ayından axtarışda olduğunu bildirir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Vəkil Roman Qaraşov Kamil Zeynallının Rusiyada saxlanılmasından danışarkən deyib.

Vəkil bildirib ki, əgər Kamil Zeynallı beynəlxalq axtarışa verilibsə, həmin faktlarla bağlı Azərbaycan tərəfində də məlumat olmalı idi:

"Əgər Kamil Zeynallı beynəlxalq axtarışa verilibsə, həmin an Azərbaycan dövləti bununla bağlı məlumatlar əldə edir. Əgər belə bir məlumat ölkənin hüquq mühafizə orqanlarına daxil olsaydı, Kamil Zeynallının ölkədən çıxışında da müəyyən maneələr olardı.

Vəkil qeyd edib ki, Kamil Zeynallının həbs olunması üçün cinayət törətməsi lazımdır, həmin əməl Rusiyada da cinayət sayılmalıdır:

"Xüsusilə qeyd edə bilərik ki, Ermənistanda siyasi və hərbi cinayətlər törətmiş şəxslər asanlıqla Rusiya ərazisinə giriş-çıxış edə bilirlər. Baxmayaraq ki, onlar da beynəlxalq axtarışa verilib. Və onlar həbs olunaraq Azərbaycana təhvil verilməlidir, lakin bugünədək edilmir.

Düşünürəm ki, Kamil Zeynallı siyasi cinayət törətmiş şəxs olmadığı üçün onun həbs olunması ilə bağlı verilən qərar da onun Ermənistana verilməsi ilə nəticələnməməlidir. İlkin rəy olaraq demək olar ki, məhkəmənin ekstradisiya ilə bağlı qərarı da siyasi xarakterli qərar olacaq".

Roman Qaraşov ikinci ölkənin qərarı ilə üçüncü ölkənin vətəndaşını saxlamasını belə izah edib:

"Qanunvericiliyə görə 2-ci ölkənin qərarı ilə 3-cü ölkənin axtarışda olan şəxsi saxlaması mümkündür. Ancaq beynəlxalq axtarışda olan şəxsin həmin ölkə ərazisinə bundan əvvəl də daxil olduğunu nəzərə alsaq, bu real görünmür. Məhkəmə ilkin sübutları araşdıracaq, ona uyğun qərar verəcək".

Günel Hüseynli