» » BGE-nin rəhbəri Ələkbər Musatafayev: "23-24 yaşımda artıq 30 nəfəri idarə edən bir şöbə müdiri idim"-MÜSAHİBƏ


Binəqədi Gənclər Evinin rəhbəri Ələkbər Mustafayev "starxeber.az-a" müsahibə verib.

-Məktəb dövrlərindən debatçı olmusunuz. Həmçinin bu sahədə bir çox uğurlarınız var. Debata marağınız necə yarandı? Bu sizin gələcək həyatınızı necə istiqamətləndirdi?

89 saylı məktəbin 7-ci sinfində oxuyarkən Azərbaycanda DVC (Vətəndaş Cəmiyyətində Debat) ictimai birliyi yeni formalaşmağa başlamışdı. Təşkilat 1998-ci ildə fəaliyyətə başlamışdı. Mən də 2000-ci ildə qoşulmuşdum. O vaxt mən bu istiqamətdə fəaliyyətə başlayanda tam olaraq mənə nə olacağı məlum deyildi. İlkin olaraq 3 günlük təlimlər keçdik. Və orada debatın əsas prinsiplərini tam şəkildə anladıq. O cəhddən sonra məndə bu sahəyə maraq artdı və mən növbəti 10 ildə davamlı şəkildə debatlara qoşuldum. Əvvəlcə məktəb liqasında sonra universitet liqasında təlimçi və mentor kimi fəaliyyət göstərdim. Həmçinin hakimlik departamentində iki ilə yaxın rəhbər olmuşam. Ondan sonra mən 2015-ci ildə yenidən debat istiqamətində Azərbaycanda fəaliyyət göstərməyə başladım. DVC təşkilatının icraçı direktoru daha sonra isə sədri oldum. Beləliklə 2019-cu ilin iyun ayına qədər təşkilata sədrlik etdim. O dövrdə biz respublikada 15 mərkəzdən ibarət şəbəkə formalaşdırmışdıq. Təxminən 20 universitet də şəbəkəyə daxil idi. Debatlar, əsasən, Azərbaycan və rus dillərində, eləcə də ingilis dilində aparılırdı. Biz Gənclər və İdman nazirliyi və Gənclər Fondu kimi dövlət qurumları ilə partnyorluq çərçivəsində bu layihəni icra edirdik.

Ələkbər Mustafayev söhbətimiz zamanı təhsil və iş həyatı haqqında da danışıb.

-BDU-nun tətbiqi riyaziyyat və kibernetika ixtisasında bakalavr təhsili almısınız. Daha sonra isə biznes sahəsində müxtəlif vəzifələrdə çalışmağa başlamısınız. Bu keçid necə baş verdi? Sizi biznes sahəsində cəlb edən nə oldu?

Əslində, orada çox maraqlı bir vəziyyət baş vermişdi. Mən üçüncü kursda oxuyanda bizə informatika dərsi keçirilirdi və mən o fakültəyə daxil olanda ən çox proqramlaşdırma sahəsinə maraqlı idim. O istiqamətdə fəaliyyətimi davam etdirmək istəyirdim. Həmin il biz praktika keçəndə bir təşkilatdan dəvət almışdıq. Düşünürəm ki, həyatda bütün şansları dəyərləndirmək lazımdır və mən yox demədim. Həmin təşkilatda praktika keçdim. Daha sonra orada işləmək imkanım oldu və mən o şirkətdə 8 il işlədim. Sıravi işçi kimi başlayaraq daha sonra şöbə müdiri oldum. Bundan sonra isə baş direktorun birinci müavini vəzifəsinə qalxdım. 2012-2013-cü illərdə mənim 23-24 yaşımda artıq 30 nəfəri idarə edən bir şöbə müdiri idim. Elə həmin dövrlərdə mən menecment, iarəetməyə yönəldim, çünki başa düşürdüm ki, mənim imkanlarım, biliklərim bu istiqamətdə daha məqsədə uyğundur. Artıq o dövrdən başlayaraq indiyə qədər müxtəlif biznes, QHT, dövlət qurumlarında çalışmışam.

Ələkbər Mustafayev hazırda rəhbəri olduğu Binəqədi Gənclər Evi haqqında danışıb.

-Binəqədi Gənclər Evinin rəhbərisiniz. Bu haqda danışmağınız yerinə düşərdi. Son dönəmlər pandemiya ilə əlaqədar tədbirlər onlayn olaraq davam edir. Bu hal gəncləri tam qane edirmi?

Çox maraqlı sualdır. Qeyd edim ki, biz 2020-ci il martın 1-dən Operativ Qərargahın təlimatına əsasən artıq onlayn formata keçmişik. Daha sistemli olaraq isə Novruz bayramından sonra, Aprelin 1-dən sistemli onlayn fəaliyyətə başladıq. O vaxt başlayanda bir qədər suallar var idi ki, biz bunun öhdəsindən necə gələcəyik?, gənclər buna necə yanaşacaq?. Biz həm də çox maraqlı dövr yaşadıq, çünki uzun müddətli götürsək bu yaxşı fürsət idi ki,  yeni stimullar, yeni biliklər kəşf edək. Məsələn, 4 il bundan əvvəl MİT bütün fənləri pulsuz şəkildə onlayn olaraq internetə yerləşdirmişdi, həmçinin Coursera kimi onlayn təlim platformalarından istifadə etmək üçün də düşünürəm ki, bu dövr vaxt baxımından əlverişli oldu.
Həm də biz vaxt bölgüsünü daha səmərəli etməyi öyrəndik. Bu gün artıq "Zoom" tətbiqi üzərindən keçirilən onlayn layihələrdə biz vaxtımızı daha səmərəli bölə bilirik.
Həmçinin Cənab Prezident İlham Əliyev  2020-ci ili "Könüllülər ili" elan etdi. Hər kəsin bu istiqamətdə böyük planları var idi. Biz də "Könüllülər ili" çərçivəsində 1000-dən çox gənci əhatə etdik. Yüzdən çox gənc isə könüllü kimi keçirdiyimiz layihələrdən məzun oldu. Əlbəttə, çətinliklər mövcud idi, ancaq əsas məsələ sənin onlara necə yanaşmağındır. Mənim anam həmişə deyir ki, bir işə başlamazdan əvvəl sən birinci onun müsbət tərəflərini görməlisən. Biz də müxtəlif layihələrlə gənclərə bunu aşılamağa çalışırıq ki, onlar ilk problemdə demotivasiya olmasınlar.

 -Gənclərlə işləmək necə hisdir? Z nəslinin tələbləri nələrdir? Onlar özlərini tam ifadə edə bilirmi?

Mən həyat boyu təxmini 20-dən çox Avropa, MDB ölkəsində olmuşam. Ümumiyyətlə, həmişə çalışmışam ki, bu sadəcə olaraq səyahət olmasın. Biznes və ya ictimai məsələləri də həmin səyahətlərə daxil etməyə çalışıram.
İlk növbədə demək istəyirəm ki, bizim gənclər bu gün heç bir digər ölkə gənclərindən geri qalmırlar. Hətta hansısa müəyyən bir xüsusiyyətlərə görə biz digər xalqlardan üstünük. Mən buna çox sevinirəm. O cəhətdən də bu gün gənclər siyasəti - siz bilirsiniz ki, Azərbaycanda Gənclər siyasətinin əsası 1998-ci ildə Heydər Əliyev tərəfindən qoyulmuşdur- cənab Prezident İlham Əliyev tərəfindən səmərəli və effektiv şəkildə davam etdirilir. Burada məsələ ondan ibarətdir ki, o strategiya çərçivəsində olan addımlar, məqsədlər, mən açıq demək istəyirəm ki, bir çox ölkələrdə yoxdur. Yəni bizim dövlətimiz hazırda vahid şəkildə  gənclər siyasəti , onun istiqamətləri, digər imkanları və problemlərini nəzərə alıb 2017-2021-ci il gənclər proqramına uyğun hər il işlər görür. Mən sizə dəqiq deyə bilərəm ki, hazırda bütün dövlət orqanları, hansı ki, bu dövlət proqramı ilə işləyir, biz mərhələ-mərhələ bütün məqsədlərə nail oluruq. Burada da gənclərin rolu böyükdür. Sadəcə qeyd etmək istəyirəm ki, əgər bizim gənclər passiv olsaydı, biz o məqsədlərə, o nailiyyətlərə çata bilməyəcəkdik, çünki əsas rol onlardadır. Məsələn, əgər biz bu gənclər evininin işini düzgün təşkil etmiriksə, layihələr olmasa, gənclər olmasa, maraqlı fikirlər olmasa, deməli bura sadəcə olaraq binadır. Amma çox sevinirəm ki, bu belə deyil. Bu gün dövlətin əsas aparıcı qüvvəsi gənclərdir, onlar bizim sabahımızdır.


 -Ölkəmizdə hansı sahədə kadr çatışmazlığı var?

Hesab edirəm ki, biz hazırda Azərbaycanda olan istiqamətləri nəzərə almalıyıq. Məsələn, Cənab Prezident İlham Əliyev də qeyd edir ki, bizdə 2015-ci ildən sonra post neft dövrüdür. Post neft dövrü üçün əsas bir neçə istiqaməti müəyyən edilmişdir: turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, bank, idman və s.dir. Digər tərəfdən dünyaya da nəzər salmaq lazımdır. Məsələn dünyada hazırda texnoloji transformasiya dövrüdür. Siz bilirsiniz ki, 2025-2030-cu illərdə 4-cü sənaye inqilabı formalaşmalıdır. Buradaki istiqamətlər big data, süni intellekt, robot texnikası, block chain-dir. Bu gün bilirsiniz ki, kripto valyutalar çox inkişaf edib.  Azərbaycanda da bu sahələrin inkişafına böyük təkan verilir. Biz pandemiyadan əvvəl Gənclər evində həftədə bir dəfə robot texnikası ilə bağlı dərslər keçirdik.
Süni intellekt də hazırda çox vacib bir istiqamətdir. Elə götürək Uberi. Burada həm big data, həm də süni intellekt var. Sistem elə qurulub ki, süni intellekt orta qiyməti hesablayıb təqdim edir.
Cənab Prezident İlham Əliyevin də dediyi kimi işğaldan azad edilən ərazilərdə “Ağıllı şəhər və kəndlər” formalaşdırılacaq. Burada da big datanın rolu böyükdür.

-Son olaraq asudə vaxınızı necə keçirirsiniz? Hobbiləriniz nələrdir?

Mən adətən çalışıram ki, gün ərzində 8-10 min addım atım. İş rejimimiz daha çox oturaq olduğu üçün biz fiziki aktiv ola bilmirik. Son dövrlərdə artıq mən buna daha çox diqqət yetirirəm. Hazırda idman zalları da bağlı olduğu üçün biz öz imkanlarımız daxilində idamnla məşğul olmağa çalışırıq. Bu da mənim hobbimdən biridir. Biz bu gün nə qədər sağlam olsaq gənclər də bizə baxıb bunu öyrənəcəklər. Burada təxmini 15-20 nəfər əməkdaş var. Mən sağlam olmasan onlar düşünəcək ki, buna ehtiyac yoxdur.
İkinci hobbim kitab oxumaqdır. Son dövrlər artıq dünya daha sürətli inkişaf edir. Yeni imkanlar var. Sən bütün bunları bilmək istəyirsənsə mütəmmadi olaraq oxumalısan.
Üçüncüsü isə filmlərə baxmaqdır. Mən çalişiram izləyəndə elə film seçim ki, orada öz həyatıma, karyerama köməyi dəyə biləcək nəsə olsun. Motivasiya, biznes, bioqrafiya istiqamətli filmlər mənə daha maraqlıdır.
Həmçinin mən klassik musiqiyə qulaq asmağı da sevirəm. Heyvanlara vaxt ayırmağı xoşlayıram, evdə isə pişik saxlayıram. Düşünürəm ki, hər insanın evində bir heyvan olmalıdır.

Müsahibə üçün təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirik, Ələkbər bəy!
starxeber.az